Atatürk Mərkəzində «Bu qapı bəlkə tövbədir?» kitabının təqdimatı keçirildi
Atatürk Mərkəzində «Bu qapı bəlkə tövbədir?» kitabının təqdimatı keçirildi
Şair-publisist Rafiq Ələkbərin yeni şeirlər kitabı söz və elm adamlarının iştirakı ilə
oxuculara təqdim olundu
Tədbiri bədii qiraətçi Müşfiqə Baladdinqızı aparırdı. Mərasim boyu kitabdan seçilmiş şeirlər səsləndi. Çıxış edənlər müəllifin yaradıcılıq yolundan, yeni kitabın bədii-fəlsəfi dəyərindən və şeirlərin oxucuya ötürdüyü mənəvi mesajlardan danışdılar.
Mərasimdə Azərbaycan Yazıçılar Birliyinin nümayəndələri, şairlər, alimlər, mətbuat işçiləri və ziyalılar iştirak edirdi. Prokurorluq orqanlarının sabiq əməkdaşları və şairin dostları da müəllifi təbrik etmək üçün tədbirə gəlmişdilər.
Tədbirin diqqətçəkən məqamlarından biri bir sıra beynəlxalq akademiyaların həqiqi üzvü, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubovun çıxışı oldu. O, şairin yaradıcılığını elmi-fəlsəfi baxımdan dərindən təhlil etdi, kitab və müəllif haqqında dəyərli fikirlərini bölüşdü.
Professor kitabı insanın mənəvi arınmasına, vicdan sorğusuna və milli yaddaşa həsr olunmuş poetik bir səfər kimi dəyərləndirdi. Onun fikrincə, bu səfər şeytanla mübarizədən, yağışla arınmadan, sözün ilahi qaynağından və oddan yoğrulmuş Vətən sevgisindən keçir. Natiq vurğuladı ki, Rafiq Ələkbər poeziyası mənəvi böhranlar dövründə yaşayan müasir insan üçün ruhu saflaşdıran və onu düşünməyə çağıran bir vasitədir.
Tədbirin sonunda müəllif iştirakçılara minnətdarlığını bildirdi.
Şeir və söz axşamı
Professor Əyyub Əyyubov : «Hərkəsin daxilində açılmalı bir tövbə qapısı var»
Oxucularımızın marağını nəzərə alaraq professor Əyyub Əyyubovun çıxışının tam mətnini
aşağıda təqdim edirik.
Hörmətli ziyalılar, dəyərli elm və sənət xadimləri, əziz sözsevərlər!
Bu gün biz yalnız növbəti bir kitabın təqdimat mərasiminə deyil, insan ruhunun dərinliklərinə işıq tutan, mənəvi-fəlsəfi axtarışların təcəssümü olan böyük bir poetik dialoqa toplaşmışıq. Tanınmış şair, hüquqşünas və mütəfəkkir qələm sahibi Rafiq Ələkbərin oxuculara təqdim etdiyi «Bu qapı bəlkə tövbədir?» toplusu adından başlayaraq insanı metafizik bir düşüncəyə, ontoloji (varlıqsal) bir sorğu- sual müstəvisinə dəvət edir.
Ədəbiyyat və fəlsəfə tarixi boyunca «qapı» metaforası keçidi, transformasiyanı, gizlinlə aydınlığın, maddi ilə mənəvinin sərhədini simvolizə etmişdir. «Tövbə» isə sadəcə dini-əxlaqi bir kateqoriya deyil, insanın öz daxili mahiyyətinə, ilkin saflığına – fitrətinə qayıdış aktıdır. Şair kitabı belə bir fəlsəfi sualla adlandırmaqla, müasir insanın mənəvi böhranına, deqradasiyaya uğrayan dəyərlərə qarşı bir özünəqayıdış sorağı təklif edir.
Kitabı vərəqlədikcə şeirlərin bir-birinə bağlı mənəvi bir səfər kimi düzüldüyünü görürük. Bu səfər insanın öz nəfsi və şeytanla mübarizəsindən başlayır, arınma yağışından keçir, ilahi hökmün möcüzəsini dərk etməyə yüksəlir və nəhayət, oddan yoğrulmuş milli yaddaşa, Vətənin itkin yurdlarına gəlib çatır. Bu yolun hər mərhələsi, əslində, eyni sualın — «Bu qapı bəlkə tövbədir?» sualının fərqli cavablarıdır.
1. Ontoloji saflıq və mənəvi daxili fəryad
Baxın, şair «Deyəsən, açıram bağlı qapını» şeirində insanın mənəvi
dualizmini (ikililiyini) və saflıq arzusunu necə bədii-fəlsəfi şəkildə ifadə edir:
«Deyəsən, açıram bağlı qapını»
"Ey Tanrım, məni də qoru, insanam,
Mən yarım mələyəm, yarı insanam.
Aydan arı, sudan duru insanam,
Dupduru çeşməmə lil su qatmayın."
Bu misralar klassik irfani təfəkkürün modern poetik əksidir. İnsan yaradılışca həm torpağa, həm də asimana mənsubdur. Şairin özünü yarı mələk, yarı insan kimi görməsi varlığın ikili mahiyyətini göstərir. Burada vurğulanan «dupduru çeşmə» obrazı insanın yaradılışdan gələn saf mahiyyətidir; bu saflığın yad təsirlərlə, sosial- mənəvi aşınmalarla bulanmaması üçün edilən fəryad isə sənətkarın cəmiyyət qarşısındakı mənəvi məsuliyyətidir.
Bu saflıq mübarizəsinin ən dramatik səhnəsini şair «Ruhum bağ salıbdır o bir Allaha» şeirində yaradır. Şeir İblisə ünvanlanmış cəsarətli bir xitabdır. Müqəddəs mətnlərdən məlum olan motivi xatırlayaq: İblis oddan yaradılması ilə öyünmüş, təkəbbürü üzündən ilahi dərgahdan qovulmuşdu. Rafiq Ələkbər bu qədim süjeti milli müstəviyə köçürür: şeytanın öyündüyü oda qarşı o, özünün Od yurdunun — Azərbaycanın övladı olduğunu bəyan edir.
Burada iki od üz-üzə gəlir: təkəbbürün, kin və qəzəbin odu ilə ilahi eşqin odu. Şairin qənaətinə görə, ilahi məhəbbətlə yanan qəlb insanı cəhənnəm odundan uzaq tutur; ruhunu Allaha bağlamış insanı şeytan yandıra bilməz. Bu, Nəsimidən, Füzulidən gələn irfani eşq fəlsəfəsinin müasir poetik ifadəsidir. Tövbə qapısı da elə budur: təkəbbür odundan eşq oduna keçid. Şeirin son bəndində bu fikir zirvəyə çatır:
«Ruhum bağ salıbdır o bir Allaha»
"Məni eşq yandırdı ilahi odla,
Cəhənnəm odundan uzağam daha.
Sən məni yandıra bilməzsən, şeytan,
Ruhum bağ salıbdır o bir Allaha..."
2. Sosial-əxlaqi tənqid və vicdan ontologiyası
Akademik müstəvidə yanaşsaq, Rafiq Ələkbərin poeziyası yalnız estetik həzz vermir, həm də cəmiyyətin mənəvi anatomiyasını çıxarır. «Küləyin səmti tərəfə» şeiri bu baxımdan sosial-fəlsəfi təhlilin zirvəsidir:
«Küləyin səmti tərəfə»
"Əməldə şeytana uyub,
Həyat boyu tor toxuyub,
Ölənə rəhmət oxuyub,
Dirinin dilin kəsənik."
Bu misralar riyakarlığın, mənəvi dualizmin və cəmiyyətdəki etik deformasiyaların dərin tənqididir. Şair burada Kant fəlsəfəsindəki «kateqorik imperativ» prinsipini, yəni mütləq əxlaq qanununu xatırladır. Diri ikən dəyər verməyib, ölümündən sonra tərif yağdırmaq — mənəviyyatsızlığın ən acı formasıdır. Rafiq Ələkbər poetik sözün kəsəri ilə oxucunu öz vicdan məhkəməsində mühakimə olunmağa çağırır.
Şairin vicdan sorğusu «Bu yağış nə qədər yuyacaq bizi» şeirində daha da dərinləşir. Yağış burada qədim arınma simvoludur: göydən enən su torpağı, yolları, qəbirüstü daşları yuyur. Lakin şair acı bir sual qoyur: bu qədər yağış yağdığı halda insan niyə təmizlənmir? Çünki yağış qəlbdəki kini, həsədi, paxıllığı yuya bilmir.
Şeirin sonunda şair Tanrıya yalvarır ki, onu da zamanın süzgəcindən keçirib yağışa döndərsin, yağışa qovuşub dünyanı arındıranlardan biri olsun. Bu, fərdi tövbənin ictimai missiyaya çevrilməsidir: insan yalnız özünü deyil, ətrafını da saflaşdırmağa çağırılır. Şeirin son bəndi belədir:
«Bu yağış nə qədər yuyacaq bizi»
"Zaman süzgəcindən süzülmək üçün,
Məni də yağışa döndər, İlahi.
Ya da ki, yağışa qovuşmaq üçün,
Onu geyindirib göndər, İlahi."
3. Yaradıcılığın ilahi qaynağı və sözün ölümsüzlüyü
Rafiq Ələkbər poeziyasının mühüm qatlarından biri də şairlik missiyasının fəlsəfi dərkidir. «Tanrı hökmləri bir möcüzədir» şeirində şair yaradıcılığı şəxsi məharət kimi deyil, ilahi lütf kimi təqdim edir: misralar onun qələmindən sanki özü düşür, şair isə onları toplayan, hifz edən bir vasitədir. Bu baxış Şərq poetikasındakı ilham anlayışına, sözün qaynağının ilahi olduğu inancına söykənir. Şeirin ilk bəndində bu fikir belə ifadə olunur:
"Tanrı hökmləri birmöcüzədir,
Bəzən möcüzədən mən də doğuram.
İti qələmimdən hərflər düşür,
Onu səbətimə dərhal yığıram."
Şeirdə həyatın mənası ilə bağlı ağır suallar da səslənir: insan nə üçün ümidini itirməli, mələkləri inciyən bir yolu seçməlidir? Şair cavabı yorulmaz axtarışda görür: ömrü boyu axtarışdan yorulmayan insan öz xoşbəxtliyini də, mənasını da tapır. Dünya kiçildikcə, böyük şəhərlərin parıltısı artdıqca şair yenə doğma kəndinə, öz məhəlləsinə qayıdır. Mələklərin ona vəd etdiyi ölümsüzlük isə sözün ölümsüzlüyüdür: əsl şairin yolu göylərə, əbədiyyətə uzanır.
4. Tarixi yaddaş və Vətən konsepsiyası
Rafiq Ələkbər yaradıcılığında Vətən anlayışı sadəcə coğrafi məkan deyil, minilliklərin süzgəcindən keçib gələn tarixi yaddaş, zəngin mədəni kodlar toplusudur. Müəllifin «Vətən» poemasından gətirilən bu misralar milli özünüdərk konturlarını cızır:
«Vətən»
"Zərdüşt - müqəddəsim, od - səcdəgahım,
Babəktək yenilməz yurdum, Vətənim.
Mənim əzəl yerim, axır pənahım,
Ağsaqqal baxışlı Qorqud Vətənim."
Müəllif bu misralarda Azərbaycanın mənəvi-tarixi xəritəsini çəkir: Zərdüştün işıq və qaranlıq mübarizəsindən Babəkin azadlıq ruhuna, Dədə Qorqudun müdrikliyindən Füzulinin məhəbbət fəlsəfəsinə, Nəsiminin əyilməz iradəsinə qədər uzanan bir genetik yaddaş xətti... Bu, poeziyanın tarixi-mədəni varislik missiyasını necə şərəflə daşıdığının bariz göstəricisidir.
Vətən mövzusu kitabda təkcə tarixi şəxsiyyətlər vasitəsilə deyil, gündəlik həyatın müqəddəs detalları ilə də açılır. «Təndir» şeiri buna parlaq nümunədir. Şair həyətlərdə təndirlərin azalmasından narahatdır və soruşur: bəlkə od payımızı unutmuşuq? Onun fikrincə, Tanrı bu torpağa od ruhu verib; yurdumuzun ürəyi də, süfrəmizdəki çörək də oddan doğulub. Təndir burada sadəcə məişət əşyası deyil — Zərdüştdən bu günə qədər uzanan od müqəddəsliyinin, ailə ocağının, bərəkətin və milli yaddaşın rəmzidir. Təndirin sönməsi kökün unudulması, onu yaşatmaq isə yaddaşı qorumaq deməkdir. Şeirin son bəndini xatırladım:
«Təndir»
"Tanrı bu torpağa od ruhu verib,
Bəxtini yazmaqsa yaddan çıxıbdır.
Təndirdə həm od var, həm də bərəkət,
Bizim çörəyimiz oddan çıxıbdır."
«Mənim» şeirində isə Vətən coğrafiyası bütöv bir taleyə çevrilir. Şair Kərkükü, Göyçəni, Təbrizi öz daxili xəritəsinin ayrılmaz hissəsi kimi sadalayır; Təbrizi hikmət mənbəyi, öz həyat yolunu isə müqəddəs bir ziyarət yolu kimi görür. İtkin yurdların həsrəti, dənizdən-dənizə uzanan arzular şairin taleyinə hopub. Burada Vətən artıq yalnız sevgi obyekti deyil, şairin öz kimliyidir: ömür başa çatanda belə, onun izi və son ümidi bu torpaqla bağlı qalacaq. Şeirin ikinci bəndi bu baxımdan xüsusilə təsirlidir:
«Mənim»
"Kərkükdür, Göyçədir, Təbrizdir hikkəm,
Mənim öz yolum var, mənim öz Məkkəm.
Düzlər döşəyimdir, dağlar mütəkkəm,
Meşələr yorğanım olacaq mənim."
Yekun məqam
Hörmətli həmkarlar, dəyərli dostlar!
Kitabı bütövlükdə nəzərdən keçirdikdə onu bir-birinə bağlayan mərkəzi obrazın od olduğunu görürük. Bir tərəfdə İblisin təkəbbür odu, digər tərəfdə ilahi eşqin odu; bir tərəfdə Zərdüştün müqəddəs alovu, digər tərəfdə ana təndirindən çıxan bərəkətli çörəyin istisi. Şair bizi seçim qarşısında qoyur: hansı odla yanmalı, hansı odu yaşatmalı? Mənim fikrimcə, kitabın adındakı sualın cavabı da buradadır: tövbə — təkəbbür odundan üz döndərib eşq və bərəkət oduna qayıtmaqdır.
Bir elm xadimi kimi deyə bilərəm ki, Rafiq Ələkbərin «Bu qapı bəlkə tövbədir?» kitabı mənəvi böhranlar əsrində yaşayan müasir insan üçün bir ruh saflaşması, bir silkələnmə vasitəsidir. Şair öz poetik fəlsəfəsi ilə göstərir ki, hər kəsin daxilində açılmalı olan bir mənəvi tövbə qapısı var və o qapıdan keçmədən həqiqi saflığa, həqiqi Vətən və Tanrı sevgisinə çatmaq mümkün deyil.
Mən dəyərli şairimizi, hüquqşünas-ziyalımızı bu fundamental ədəbi töhfə münasibətilə ürəkdən təbrik edirəm. Ona yeni-yeni yaradıcılıq uğurları, tükənməz fəlsəfi ilham və möhkəm cansağlığı arzulayıram.
Qələminiz hər zaman haqqın, saflığın və sözün xidmətində olsun!
Diqqətinizə görə təşəkkür edirəm!
Əyyub Əyyubov
iqtisad elmləri doktoru professor